...

Bakıda əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir (FOTO)

İdman Materials 7 Noyabr 2017 14:39 (UTC +04:00)
Bakı şəhərində əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir.
Bakıda əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir (FOTO)

Bakı. Trend:

Bakı şəhərində əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindın məlumat verilib.

ƏƏSMN tərəfindən Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarının zona turnirləri Bakı şəhərində davam etdirilir.

Turnirin iki gün (7-8 noyabr) davam edəcək ilk mərhələsində Bakının 6 rayonu (Binəqədi, Yasamal, Səbail, Nəsimi, Qaradağ, Nərimanov rayonları) üzrə 120 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmanın nərd, dama, şahmat, stolüstü tennis, qol güləşi (armrestlinq) növləri üzrə yarışacaqlar. Paytaxt üzrə turnirin növbəti mərhələsi isə noyabrın 14-15-də keçiriləcək və həmin yarışlarda Bakının digər rayonlarından olan müvafiq şəxslərin iştirakı təmin olunacaq.

Bundan əvvəl isə Xaçmaz, Şəki, Sabirabad rayonlarında və Mingəçevir şəhərində zona yarışları təşkil olunub. Zona yarışlarının bu ay ərzində həmçinin Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində və Lənkəran rayonunda da keçirilməsi planlaşdırılır. Zona turnirlərində fərqlənənlər yarışların final mərhələsində iştirak hüququ qazanırlar. 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində isə yarışların qaliblərinin mükafatlandırılması həyata keçiriləcək.

Ümumilikdə, 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarında iştirak etmək üçün qeydiyyata alınıb. ƏƏSMN-nin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçirilən bu yarışlar əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana, o cümlədən stolüstü idman oyunlarına maraqlarının dolğun şəkildə təmin olunmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə, həmin insanların cəmiyyətə fəal inteqrasiyası məqsədinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti