Bakı. Trend:
Hakimi vuran futzalçı 2 il müddətinə futboldan kənarlaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
Belə ki, 27 dekabr 2017-ci ildə futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fans” – “ADBTİA” matçının 20-ci dəqiqəsində “Baku Fans” klubunun 20 №-li futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb.
Qeyd olunanları nəzərə alan İntizam Komitəsi A.Ömərovun oyunun hakiminə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il müddətinə futboldan kənarlaşdırılması, oyun sonadək oynanılmadığına görə “Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilməsi barədə qərar qəbul edib.