...

Fərid Qayıbov UEG prezidenti qismində ilk müraciətini edib

İdman Materials 10 Yanvar 2018 17:43 (UTC +04:00)
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti qismində ilk müraciətini edib
Fərid Qayıbov UEG prezidenti qismində ilk müraciətini edib

Bakı. Ənvər Məmmədov – Trend:

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti qismində ilk müraciətini edib.

Trend-in məlumatına görə, müraciət UEG-in rəsmi saytında yerləşdirilib.

Avropa gimnastika federasiyalarının nümayəndələrini təbrik edən F.Qayıbov 2017-ci il dekabrın 1-2-də Xorvatiyanın Split şəhərində keçirilmiş 27-ci UEG Konqresinin təşkilatçılarına təşəkkürünü bildirib: “Xorvatiya Gimnastika Federasiyasının səyləri nəticəsində Konqres yüksək səviyyədə keçirildi. Mən yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirmək istərdim. Öz nümayəndələrini göndərən və Avropanın vahidliyinə dəstəyini bildirən bütün federasiyalara təşəkkür edirəm. Mən Avropa gimnastikasının gələcəyi üçün vacib hesab olunan qərarların qəbul edilməsi məqsədilə 50 federasiyanın nümayəndələrinin bir yerə toplaşmasını görməkdən çox məmnun oldum”.

F.Qayıbov müraciətində göstərilən etimada görə Avropa federasiyalarına minnətdarlığını bildirib və UEG-in gələcək fəaliyyətində hamıya uğurlar arzulayıb: “Mənə prezident vəzifəsini etibar etidiyiniz üçün təşəkkür edirəm. Növbəti dörd il ərzində Avropa gimnastikasına rəhbərlik edəcək bir şəxs kimi UEG-in seçilmiş bütün üzvlərini və vəzifəli şəxslərini bir daha təbrik edirəm. Bütün Avropada gimnastika növlərinin inkişafına yönəlmiş birgə fəaliyyətimizdə hər kəsə uğurlar arzulayıram. Seçildiyimiz vəzifələrdə işə başlamağımızın vaxtı çatıb. Gimnastlar hər zaman bizim diqqət mərkəzimizdədir! Hər şey onların nailiyyətləri üçün, eləcə də onların təmsil etdiyi növlərin ümumi inkişafı üçün həyata keçirilməlidir”.

Yekunda F.Qayıbov qeyd edib ki, uğura gedən yolda maneələr, çətinliklər və yeniliklər qarşısında həyəcan olacaq, amma bütün bunların öhdəsindən UEG-ə daxil olan 50 federasiyanın birgə səyi ilə gəlmək mümkün olacaq: “Faktiki olaraq əsl uğur çətinliklər və həyəcanın arxasında olandır. Gəlin, Avropa gimnastikasında böyük nailiyyətlərin əldə olunması üçün birləşək!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti