...

Ağırlıqqaldırma üzrə Respublika çempionatının seçmə mərhələsi keçiriləcək

İdman Materials 20 Fevral 2018 12:49 (UTC +04:00)
24 fevral-4 mart tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları keçiriləcək.
Ağırlıqqaldırma üzrə Respublika çempionatının seçmə mərhələsi keçiriləcək

Bakı. Trend:

24 fevral-4 mart tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata əsasən, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda fevralın 24-25-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 28 fevral və 1 mart tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, martın 3-4-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti