...

Türkiyəli idmançılar: Bakıda Avropa çempionatında azarkeşlər bizi çox dəstəkləyirlər

İdman Materials 14 Aprel 2018 16:20 (UTC +04:00)
Türkiyəli idmançılar Sila Musluk və Neval Kaqnıçı Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatındakı çıxışlarında məmnun qaldıqlarını deyiblər.
Türkiyəli idmançılar: Bakıda Avropa çempionatında azarkeşlər bizi çox dəstəkləyirlər

Bakı. Ənvər Məmmədov - Trend:

Türkiyəli idmançılar Sila Musluk və Neval Kaqnıçı Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatındakı çıxışlarında məmnun qaldıqlarını deyiblər.

Trend-ə yarışlarla bağlı təəssüratlarını bölüşən idmançılar bildiriblər: "Biz bütün var-gücümüzü toplayıb çıxışımızı etdik, düşünürük ki, yaxşı alındı".

İdmançılar qeyd ediblər ki, ilk dəfədir Bakıya gəliblər və şəhərə heyran olublar: "Bu, bizim Bakıya ilk səfərimizdir. Şəhər çox gözəldir, sakinlər qonaqpərvərdir, hamı bizi dəstəkləməyə çalışır. Hara gediriksə, harda oluruqsa, hamı bizə yardım etməyə çalışır".

Neval Kaqnıçı əlavə edib: "Bakı həqiqətən gözəl şəhərdir. Daha çox o sevindirir ki, dil baryerimiz yoxdur, hamını başa düşürük və bizi başa düşürlər. Azarkeşlər bizi dəstəkləyir, alqışlayır və bu, bizi çox xoşbəxt edir".

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti