...

Mixail Malkin: Bütün rəqiblərimə uğurlar arzulayıram

İdman Materials 16 Fevral 2019 13:04 (UTC +04:00)
Bütün rəqiblərimə uğurlar arzulayıram, onların hamısı güclüdür
Mixail Malkin: Bütün rəqiblərimə uğurlar arzulayıram

Bakı. Cani Babayeva - Trend:

Bütün rəqiblərimə uğurlar arzulayıram, onların hamısı güclüdür.

Bunu Trend-ə tamblinq üzrə yarışlarda finala çıxmış Azərbaycan gimnastı Mixail Malkin deyib.

O deyib ki, əsas məqsədi proqramı stabil yerinə yetirmək idi: “Finalda proqramımı bir qədər də gücləndirəcəyəm”.

Gimnast bir qədər həyəcanlı olduğunu da etiraf edib:

“Tamaşaçılar kömək edir, amma həyəcan da yaranır, azarkeşləri məyus etmək istəmirsən. Bütün rəqiblərimə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti