Bakı. Trend:
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Trend-in məlumatına görə, dördüncü yarış günündə daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.
Təmsilçimiz Tatyana Varansova (53 kq) ilk mərhələdə ikiqat dünya və Avropa çempionu belaruslu Vanesa Kaladzinskayaya müqavimət göstərə bilməyib.
Digər idmançımız Alyona Kolesnik (57 kq) startda isveçli rəqibi Sara Lindborqu elə ilk dəqiqədə "tuşe" ilə məğlub edib. Macar idmançı Emese Barka ilə görüşə də yaxşı başlayan A.Kolesnik 5 xal fərqi ilə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən güləşçimiz xalçadan məğlub ayrılıb (5:6).
Təmsilçimiz Tatyana Omelçenko (62 kq) da qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yığmamızın üzvü Norveç təmsilçisi Hedda Hauq Strandı vaxtından əvvəl üstələyib - 12:1. T.Omelçenko daha sonra gücünü polşalı rəqibi Katarjina Madrovskaya göstərib (6:0) və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında onun rəqibi Bolqarıstan idmançısı Taybe Mustafa Yuseyin olacaq.
65 kq çəki dərəcəsində mübarizə aparan Elis Manolova isə ilk mərhələdə çətinliklə də olsa isveçli həmkarı Anna Katerina Yohanssona qalib gəlib. Elis 1/4 finalda alman güləşçi Lusi Mankeni də məyus edərək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi finlandiyalı Petra Olli olacaq.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.