Bakı. Cani Babayeva - Trend:
Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında iştirak edən Azərbaycan gimnastları yarışa böyük məsuliyyətlə hazırlaşırlar.
Bunu Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Marian Kolev deyib.
O bildirib ki, komanda Avropa Çempionatına çoxdan hazırlaşır:
“Biz öz məsuliyyətimizi başa düşürük və anlayırıq ki, hər kəs bizdən yaxşı nəticə gözləyir. Ümid edirik ki, komandamız Azərbaycanı layiqincə təmsil edəcək. Əvvəlcədən şanslarımız barədə danışmaq istəmirəm. Biz hazırlaşmışıq və mən inanıram ki, yarışda yaxşı yerlər tuta biləcəyik”.
Baş məşqçi vurğulayıb ki, Azərbaycanı çempionatda 17 idmançı təmsil edəcək:
“Gənc idmançılar aero-dans proqramında çıxış edəcək, komanda 6 nəfərdən ibarətdir. Böyük idmançılar qadınlar (iki gimnast) və kişilər (iki gimnast) proqramında çıxış edəcək. Bundan başqa, komandamız qarışıq cütlər, trio, qruplar və aero-dans proqramlarında iştirak edəcək”.
M.Kolev əlavə edib ki, aerobika gimnastikası Azərbaycanda fəal inkişaf edir.
Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa Çempionatı keçiriləcək.
Çempionatda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar iştirak edir.
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.