...

“Keşlə” klubu “Şamaxı” adlandırılacaq

İdman Materials 10 Noyabr 2021 12:28 (UTC +04:00)
“Keşlə” klubu “Şamaxı” adlandırılacaq

Bakı. Trend:

Şamaxı şəhər stadionunun istismara verilməsi ilə əlaqədar AFFA və “Keşlə” futbol klubu arasında müzakirə aparılıb. Bölgələrdə futbolun inkişafına dəstək verilməsi, stadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə “Keşlə” klubuna “Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar “Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

Trend AFFA-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə “Keşlə” klubunun adının dəyişdirilərək “Şamaxı” adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. “Şamaxı”nın “Keşlə”nin hüquqi varisi hesab olunması üçün AFFA və klub tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və bu məsələ müsbət həllini tapdıqdan sonra dəyişikliklər həyata keçiriləcək.

“Keşlə”nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonunadək Bakıda fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.

UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandasından başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.

Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti