Bakı. Cani Babayeva - Trend:
Bədii gimnastika üzrə Azərbaycan çempionatında böyük idman təcrübəsi qazandım.
Bunu Trend-ə çempionatın gümüş və bürünc mükafatçısı Ləman Əhmədli deyib.
Gimnast özünün çempionatda çıxışından razı qaldığını bildirib.
"Yarışların birinci günü mənim üçün kifayət qədər uğurlu olmasa da, bu gün lent və topla hərəkətlərimdən razı qaldım. Topla proqramda qüsurlar olsa da, onları gələn yarışlarda aradan qaldırmağa çalışacağam", - gimnast deyib.
Qeyd edək ki, Respuiblika Kompleks İdman Məktəbini təmsil edən L.Əhmədli lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc medal qazanıb.
Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda mübarizə aparır.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyən edilir.
(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)