...

Bakıda “Gimnastika hamı üçün” növü üzrə festival keçirilir (FOTO)

İdman Materials 9 Sentyabr 2022 18:01 (UTC +04:00)
Bakıda “Gimnastika hamı üçün” növü üzrə festival keçirilir (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 9-da Bakıda Dənizkənarı Bulvarda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında) Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş “Gimnastika hamı üçün” növü üzrə festival keçirilir.

Trend-in məlumatına görə, tədbirdə bu növ üzrə yığma komandanın üzvləri, “Ocaq Sport” klubunun nümayəndələri, eləcə də respublikanın rayonlarından olan çoxsaylı idmançılar iştirak edirlər.

Əvvəlcə “Dəniz Mall” ticarət mərkəzinin yaxınlığından Abdulla Şaiq adına Kukla Teatrının arxasındakı meydanadək idmançıların iştirakı ilə yürüş baş tutub.

Festivalın açılışında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov bu festivalın ölkədə ilk dəfə keçirildiyini qeyd edib.

Festivalda Bakı və Azərbaycanın regionlarından 23 komanda iştirak edir.

Ölkədə "Gimnastika hamı üçün" növünün inkişafından danışan Elnur Məmmədov qeyd edib ki, bu növdə yaş və fiziki hazırlıqla bağlı heç bir məhdudiyyət yoxdur.

Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev vurğulayıb ki, Federasiyaya “Gimnastika hamı üçün” də daxil olmaqla doqquz gimnastika növü daxildir.

Qeyd olunub ki, bir çox ölkələrdə “Gimnastika hamı üçün” çox populyardır, ölkəmizdə bu növ 2015-ci ildən inkişaf edir.

Sonra tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib.

Festivalda idmançılar musiqi müşayiəti ilə gimnastika elementlərinin harmoniyasını nümayiş etdirərək müxtəlif çıxışlar təqdim edirlər.

“Gimnastika hamı üçün” növü üzrə məşqçi Ruslan Eyvazovun sözlərinə görə, festival Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.

"Bu gimnastika növü üzrə festival ilk dəfədir keçirilir. Burada 23 komanda iştirak edir. Ölkənin regionlarından çoxlu komandalar var. Son illər Azərbaycanda "Gimnastika hamı üçün" növü çox populyarlaşıb. Hazırda respublikanın 19 rayonunda bu növ üzrə təlimlər keçirilir”, - R.Eyvazov bildirib.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti