...

Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adlayıb

İdman Materials 5 Mart 2024 03:38 (UTC +04:00)
Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adlayıb

Bakı. Trend:

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Trend xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Zeynəb Rəhimova 1/32 final çərçivəsində əlcəzairli Fatma Zöhrə Hadjala ilə döyüşüb. 54 kiloqram çəki dərəcəsində baş tutan qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Z.Rəhimova rəqibini 4:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Yığmanın üzvü növbəti qarşılaşmasında ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.

Ümid Rüstəmov (57 kiloqram) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib. Ümid Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.

Qeyd edək ki, yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kiloqram) da qələbə qazanaraq mərhələ adlayıb.

Turnirin üçüncü günündə millimizin daha 2 boksçusu rinqə çıxacaq.

Xəbər lenti

Xəbər lenti