Bakı. Trend:
Məşqlərimiz yaxşıdır səviyyədədir.
Trend xəbər verir ki, bunu İdman.biz Tv-yə Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (60 kq) deyib.
Avropa çempionu Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı dəyərləndirib. O bildirib ki, son toplanışdan sonra tam formada olacaq: “Zədələrim var, ona görə həm onları bərpa edirəm, həm də məşq prosesində iştirak edirəm. Ondan sonra artıq çəkini salıb, yarışa qatılacam. Avropa çempionatının ardınca çox şey dəyişməyib. Çünki məqsədimiz eynidir. Əsas amalımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Özümə inamım artıb. Həmçinin, çəkimdə favorit sayılıram. Bu yarışda lisenziya qazanacağıma çox inanıram. Olimpiadaya vəsiqə Avropa çempionluğundan daha üstündür. Əlbəttə, Olimpiya ili olduğu üçün lisenziya əldə etsəm, çox yaxşı olacaq. Yetəri qədər təcrübəm var. Bu yaşda Avropa çempionu adını qazansam da, deyərdim ki, gecikmişəm”.
Məmmədlinin sözlərinə görə, hələlik onun çəkisində Avropadan hansısa güləşi lisenziya əldə edə bilməyib: “Bu səbəbdən yarış çox çətin və mübarizə dolu keçəcək. Yarışda Bolqar, türk, moldovalı və s. kimi güclü rəqiblər olacaq. Bu turnirin Bakıda keçməsi bizə əlavə stimul verir. Çünki azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Hər kəsi bizi yarış günündə dəstək olması üçün arenaya dəvət edirəm”.
Qeyd edək ki, aprel 5-7-də Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri Milli Gimnastika Arenasında baş tutacaq.