Bakı. Trend:
Mövsüm çox maraqlı keçəcək.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
O, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Turan Tovuz" oyununda favoritini açıqlayıb. Sultanov bildirib ki, bakılılar üstün görünürlər: "Düzdür, hər 2 komandanın nə vəziyyətdə olduğunu bilmirəm. Çünki onların son matçlarını izləmək imkanımız olmayıb. Yeni baş məşqçilərin oyun fəlsəfəsini bilmirəm. Amma "Neftçi" heyətinə görə daha üstün görünür. İlk oyun olduğu üçün çətin olacaq. Hesab demək çətindir, amma "Turan Tovuz"la müqayisədə "Neftçi" üstündür".
O, "Sumqayıt" - "Kəpəz" duelində isə ev sahiblərini fərqləndirib: “Gəncə təmsilçisi tam komplektləşməyib. "Sumqayıt"ın heyətində isə itkilər olacaq. Samir Abasovun komandası bu matça tam hazırdır. Onlar Konfrans Liqasında 2 oyun keçiriblər. Daha hazırlıqlı olacaqlar. İlk turlarda nəsə demək çətindir. Amma favorit kimi "Sumqayıt" qələbəyə daha yaxındır".
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" görüşü saat 18:30-da, "Sumqayıt" - "Kəpəz" qarşılaşması isə 20:45-də start götürəcək.