Bakı. Trend:
Cənubi Afrika Respublikası 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Afrika qitəsindən ilk namizəd ölkə ola bilər.
Trend xəbər verir ki, Cənubi Afrika Olimpiya Komitəsi bu qərarı 2024-cü ilin fevralında rəsmiləşdirə bilər. Beynəlxalq Olimpiya Komitəsi (BOK) də Afrika qitəsində ilk dəfə Olimpiya Oyunlarının keçirilməsinə müsbət yanaşır.
Qeyd edək ki, Cənubi Afrika 2015-ci ildə 2022-ci il Birlik Oyunlarına ev sahibliyi hüququ qazansa da, maliyyə çətinlikləri səbəbindən bu planı gerçəkləşdirə bilməyib və oyunlar Birmingemə verilmişdi.
2036-cı il Yay Oyunlarına ev sahibliyi üçün Cənubi Afrika ilə yanaşı, Hindistanın Əhmədabad şəhəri, Çili, Varşava, İstanbul, Doha, Barselona və Madrid, eləcə də İndoneziyanın yeni paytaxtı Nusantara və Budapeşt kimi şəhərlər də namizədliyini irəli sürə bilər.
2028-ci il Olimpiya Oyunları Los-Ancelesdə, 2032-ci il isə Avstraliyanın Brisben şəhərində keçiriləcək.