Bakı. Trend:
Bu gün Daşkənddə cüdo üzrə Dünya turunun növbəti yarışına start veriləcək.
Trend xəbər verir ki, Özbəkistanın paytaxtında keçiriləcək “Böyük Dəbilqə” turniri təqvimdə üçüncüdür və yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. Komandamızın heyəti kiçik olsa da, müəyyən dərəcədə medal gözləntiləri var.
Yarışda Azərbaycanı təmsil edəcək üç idmançının ilk görüşlərdəki rəqibləri bəlli olub.
60 kiloqram çəki dərəcəsində Turan Bayramov Yuntao Vanqla (Çin) qarşılaşacaq. Həmin çəkidə mübarizə aparacaq Balabəy Ağayev isə yarışa ikinci mərhələdən başlayacaq. Onun rəqibi Kanatbek Uulu (Qırğızıstan) - Anvarcon İbroximov (Özbəkistan) cütünün qalibi olacaq.
Yaşar Nəcəfov (66 kiloqram) isə Ramazan Abdullayev (neytral idmançı) - Hinato Ono (Yaponiya) görüşünün güclüsü ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" yarışında 23 ölkədən 242 idmançı çıxış edəcək.