Bakı. Trend:
UFC Fight Night-a bilet satışına start verildi.
Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Biletləri iticket.az platforması üzərindən əldə etmək mümkündür.
Azərbaycanda ilk dəfə keçiriləcək UFC (Ultimate Fighting Championship) döyüş gecəsi üçün biletlərin satışına başlandı. Dünyanın ən nüfuzlu qarışıq döyüş növləri təşkilatı olan UFC, 21 iyun tarixində Bakı Kristal Zalını coşduracaq. Biletləri iticket.az platforması üzərindən əldə etmək mümkündür. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə həyata keçilir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib ki, UFC-nin Bakıya gəlişi Azərbaycanın idman tarixində yeni bir səhifə açır.
"Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir. UFC ilə tərəfdaşlıq ölkəmizin illərdir ki, idman sahəsindəki dinamik inkişafının, ölkə rəhbərliyinin uğurlu idman siyasətinin məntiqi davamıdır".
M.Fərzullayev, həmçinin turnirin təşkili prosesində dəstəyini əsirgəməyən bütün tərəfdaş və sponsorlara təşəkkürünü bildirib.
Tədbirə maraq olduqca yüksəkdir. Hadisəyə sayılı günlər qalır. Avropa və dünyanın müxtəlif ölkələrindən minlərlə UFC azarkeşi səbirsizliklə bilet əldə etməyə tələsir. Gözlənilən qonaqlar sırasında UFC əfsanəsi Həbib Nurməhəmmədov və döyüşçü Taqir Ulanbekov da var. Gecənin əsas döyüşündə UFC-nin keçmiş yarım ağır çəki üzrə çempionu və reytinq cədvəlində 4-cü pillədə qərarlaşan Camal Hill, 7-ci yerdə olan Xalil Rauntree ilə qarşılaşacaq. Minlərlə MMA azarkeşi Kristal Zalda döyüşçüləri, xüsusilə də azərbaycanlı idmançıları dəstəkləmək üçün bir araya gələcək.
Maqsud Fərzullayev qarşıda ölkənin daha bir mötəbər tədbirə — "Formula 1" Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcəyini də vurğulayıb: "Yarışa 5 aydan az zaman qalıb. Hazırlıq sürətlə davam edir, nəticələr gözlənildiyindən daha yüksəkdir. Bilet alan azarkeşlərin 80 faizdən çoxunu xarici vətəndaşlar təşkil edir".
Qeyd edək ki, UFC-nin 700 milyondan çox azarkeşi və 300 milyona yaxın sosial media izləyicisi var. Turnirlər 170-dən artıq ölkədə yayımlanır və hər il təxminən bir milyard evi əhatə edir.