...

Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb (VİDEO/FOTO)

İqtisadiyyat Materials 9 Yanvar 2017 12:35 (UTC +04:00)
Gəncə şəhərinin Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisi ilə bağlı aparılan yenidənqurma işləri başa çatdırılıb.
Gəncədə avtomobil yolunun tikintisi yekunlaşıb (VİDEO/FOTO)

Bakı. Trend:

Gəncə şəhərinin Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisi ilə bağlı aparılan yenidənqurma işləri başa çatdırılıb. İşlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

19,4 km olan Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun eni ərazilərdən asılı olaraq, 5-10 metr arası dəyişirdi. Hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilib.

Avtomobil yolunun ilk 8 km-lik hissəsi 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Burada 2 hərəkət zolaqlı olmaqla, yol yatağının eni 12 metr, yolun hərəkət hissəsinin eni isə 8 metrdir. Yolun 8-19 km-lik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilməklə 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarətdir. Bu hissədə yol yatağının eni 18,5 metr, yolun hərəkət hissəsinin eni isə 12 metrdir.

Layihəyə uyğun olaraq yol boyu hər bir istiqamət üzrə 2 metr enində çiyinlərin, yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün isə 2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Piyada səkilərinin kənarlarına və zəruri olan yerlərə 51 min paqon-metr səki daşı düzülüb.

Bundan başqa, tikinti işləri çərçivəsində əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından zəruri olan yerlərdə borular qoyulub, drenaj işləri üzrə zəruri olan yerlərdə açıq beton küvetlər tikilib. Layihə çərçivəsində mövcud dəmir yolu üzərində və yolun 8-ci km-də Gəncə çayı üzərində yerləşən avtomobil körpüləri əsaslı şəkildə təmir olunub. Dəmir yolu üzərindəki körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Gəncə çayı üzərindəki 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpülərdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkiləri də tikilib.

Yenidənqurma işləri zamanı yolun yararsız qruntu 1 m-ə qədər dərinlikdə qazılaraq çıxarılıb və yeni yol yatağı inşa edilib. Daha sonra yol əsasının tikintisi və 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə 200 min m2 ərazi asfaltlanıb. Hərəkətin normal təşkili üçün yolun xətlənməsi işləri aparılıb, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Yolun tikintisi ilə yol üzərində yerləşən yaşayış məntəqələrinin sakinlərinin Gəncə şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub, sərnişin və yük daşıması yaxşılaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti