Bakı. Trend:
Bakıya səfəri çərçivəsində Fransanın Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə “Təmiz Şəhər” ASC-də görüş keçirilib.
ASC-dən Trend-ə verilən məlumata görə, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Fransa-Azərbaycan əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, Fransa şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə, eləcə də ətraf mühit layihələrində uğurla iştirak etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun yaradılmasında Fransanın CNİM şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirilib və bu müəssisə 4-cü nəsil texnologiyaya əsaslanır.
Fransanın dövlət katibi Jean-Vincent Fransa ilə Azərbaycan şirkətləri arasındakı əlaqələrdən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın olduğunu bildirib.
"Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov Azərbaycanda tullantıların idarə olunması sahəsində cəmiyyətin fəaliyyəti, o cümlədən Abşeron yarımadasının ən böyük gölü olan Böyükşor gölünün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş dib çökünütəri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib.
Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Azərbaycanda xarici investorlar, o cümlədən Fransa şirkətləri ilə əməkdaşlıq üçün yaradılmış əlverişli şəraiti vurğulayaraq, “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən layihələrdə Fransa şirkətlərinin iştirak etdiyini və bu layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə iştirak edən “Suez Azərbaycan” şirkətinin rəhbəri Alan Karbonel Böyükşor gölünün 130 hektardan artıq hissəsində şimal sahilinin təmizlənməsinin texniki-iqtisadi əsaslandırılmasının bu şirkətə həvalə olunduğunu və layihənin həyata keçirilməsində iştirakdan məmnunluğunu ifadə edib.