...

İKT və nəqliyyat sahələrində Azərbaycan-Almaniya forumları keçiriləcək

İqtisadiyyat Materials 12 İyun 2017 20:43 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Inside Wirtschaft“ xəbər saytına müsahibə verib.
İKT və nəqliyyat sahələrində Azərbaycan-Almaniya forumları keçiriləcək

Bakı. Trend:

Bu ilin ikinci yarısında İKT və nəqliyyat sahələrində Azərbaycan-Almaniya forumlarının keçirilməsi nəzərdə tutulur.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov "Inside Wirtschaft" xəbər saytına müsahibəsində deyib.

Video-müsahibədə R.Həsənov Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə dair sualları cavablandırıb.

Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişaf səviyyəsini dəyərləndirən R.Həsənov iki ölkə arasında bütün sahələrdə yaxşı münasibətlərin, o cümlədən ən yüksək səviyyədə intensiv siyasi dialoqun mövcud olduğunu bildirir. Səfir qeyd edir ki, iqtisadi münasibətlərin inkişaf səviyyəsindən razı olsaq da, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha böyük potensiala malikdir.

Səfir bildirir ki, 2016-cı ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi təxminən 2 milyard avro təşkil edib. Azərbaycan Almaniyaya neft və neft məhsulları ixrac edir və Almaniyanın xam neft idxalında 5-ci pillədədir. 2017-ci ilin ilk rübündə Almaniya Azərbaycanın 5-ci ən mühüm ticarət tərəfdaşı olub. Azərbaycan Almaniyanı özünün qeyri-neft məhsullarının ixracı üçün strateji bazar hesab edir və Azərbaycandan Almaniyaya müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edilir. Azərbaycan Almaniyadan əsasən dərman vasitələri, inşaat materialları, kimyəvi maddələr, yüksək texnologiyalı avadanlıqlar, eləcə də kənd təsərrüfatı məhsulları idxal edir.

Ötən ilin iyun ayında Berlin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və AFR-in Vitse-kansleri və o zamankı iqtisadiyyat naziri Ziqmar Qabrielin iştirakı ilə keçirilmiş Azərbaycan-Almaniya İqtisadi Forumuna toxunan səfir bu tədbirin ölkələrimiz arasındakı iqtisadi-ticarət münasibətlərdə yeni mərhələ açdığını bildirib. R.Həsənov qeyd edib ki, Forumda hər iki ölkədən 300-dən artıq şirkət iştirak edib və bunun ardınca çoxsaylı qarşılıqlı səfərlər baş tutub. Hazırda Azərbaycanda təxminən 170 alman şirkəti, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir. Azərbaycan şirkətləri Almaniyada keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə fəal surətdə iştirak edirlər.

Azərbaycanın bir sıra transregional layihələrin təşəbbüskarı və icraçısı olduğunu bildirən səfir cari ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Çin arasındakı daşımalar üçün ən qısa quru nəqliyyatı yolunun vacib tərkib hissəsi olacağını və bunun alman şirkətləri üçün də yeni imkanlar açacağını bildirib.

Cənub Qaz Dəhlizi layihəsi barədə verilmiş sualı cavablandıran R.Həsənov Azərbaycanın Avropa İttifaqı və Almaniyanın strateji və etibarlı enerji tərəfdaşı olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm oyunçudur. 2020-ci ildə tam istifadəyə verilməsi gözlənilən Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təchizatının diversifikasiyasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə müsbət töhfə verəcək.

Səfir vurğulayıb ki, ilkin dəyəri təxminən 45 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsinin hər dörd komponenti üzrə işlər uğurla davam etməkdədir. Layihənin tərkib hissələri olan "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşaatı üzrə işlərinin əksəriyyəti tamamlanıb. Təqribən 3500 kilometri əhatə edəcək Cənub Qaz Dəhlizi sayəsində Azərbaycanın təbii qazının İsveçrə vasitəsilə Almaniyaya da çatdırılması mümkün olacaq.

Neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə verilmiş sualı cavablandıran səfir Azərbaycanın hər zaman enerji ehtiyatlarından əldə etdiyi gəlirləri ölkə iqtisadiyyatının digər sektorlarının inkişafına yatırdığını və bununla da ölkə iqtisadiyyatını daim şaxələndirdiyini vurğulayıb. R.Həsənov qeyd edib ki, ölkəmiz bir sıra iqtisadi islahatlar və tədbirlər həyata keçirir və bununla da neftin qiymətindəki dəyişkənliyin ölkə iqtisadiyyatına göstərə biləcəyi təsirləri neytrallaşdırmağa çalışır. Səfir əlavə edib ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığını, o cümlədən iqtisadi və maliyyə sabitliyini təmin etmək məqsədilə ölkəmiz iqtisadiyyatın daha da liberallaşdırılması, biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ticarət və gömrük prosedurlarının asanlaşdırılması istiqamətində tədbirlərini davam etdirir.

Azərbaycan iqtisadiyyatının diversifikasiyasında alman şirkətlərinin mümkün roluna toxunan səfir Almaniyanın zəngin iqtisadi təcrübəsinin və yüksək texnologiyalarının Azərbaycan üçün maraqlı olduğunu bildirib və əlavə edib ki, ölkəmiz Almaniyanın rəqəmsallaşdırma, yüksək texnologiyalar və innovasiya sahələrindəki təcrübəsinin öyrənilməsi, eləcə də Almaniyadan elm, innovasiya və texnologiya tutumlu məhsulların idxal edilməsinə həvəslə yanaşır.

Səfir diqqətə çatdırıb ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanda sərmayələr üçün əlverişli mühit və alman şirkətlərinin investisiyaları üçün çoxlu imkanlar var. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində çoxlu regional layihələrin Azərbaycan ərazisindən keçdiyini nəzərə alaraq alman şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün böyük potensial mövcuddur. Son dövrlərdə Azərbaycanda rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyaları sahəsində çoxlu işlər görülüb və bu xüsusda, alman təcrübəsi Azərbaycan üçün mühümdür. Cari ilin ikinci yarısında İKT və nəqliyyat sahələrində Azərbaycan-Almaniya forumlarının keçirilməsi, həmin tədbirlərdə Azərbaycanın nəqliyyat və rəqəmsallaşdırma sahəsindəki imkanlarının nümayiş olunması nəzərdə tutulur ki, bu da şübhəsiz alman şirkətlərinin Azərbaycana maraq göstərmələri, eləcə də iki ölkənin şirkətləri arasında işgüzar əlaqələrin yaradılması üçün yeni imkanlar açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti