...

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni texnoloji həllərin tətbiqinə başlayıb (FOTO)

İqtisadiyyat Materials 29 Avqust 2017 14:36 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin axınının artması ilə əlaqədar yeni texnoloji həllərin tətbiqinə başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni texnoloji həllərin tətbiqinə başlayıb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin axınının artması ilə əlaqədar yeni texnoloji həllərin tətbiqinə başlayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti​ndən Trend-ə verilən məlumata görə, Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi hər il stabil artmağa davam edir. Təkcə cari ilin ilk yeddi ayı ərzində aeroport 2016-ci ilin eyni dövrü ilə müqayisədə 30% daha çox sərnişinə xidmət göstərmişdir. Beləliklə, aeroport yaxın zamanda regionda əsas hablardan biri olmaq kimi özünün əsas məqsədinə çatır.

Fəaliyyətini maneəsiz genişləndirmək və sərnişinlərə fasiləsiz xidmət göstərilməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu “Amadeus” şirkəti ilə birgə bulud texnologiyası üzrə aerport idarəetmə sisteminə əsaslanan ilk tam avtomatlaşdırılmış həlli təqdim edib.

Sözü gedən bulud texnologiyası həlli çərçivəsində təqdim olunan xidmətlərə baqajın idarəolunması sistemi, hava limanının əməliyyat məlumat bazası, uçuş məlumatlarının təsviri sistemi və digərləri daxildir.

“Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov və “Amadeus” şirkətinin yeni biznes layihələr üzrə Baş vitse-prezidenti Fransisko Perez-Lozao əməkdaşlıq haqqında müvafiq razılıq əldə ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda iki sərnişin terminalı mövcuddur və illik 9 milyon sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulub. Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün müasir aviasiya və texnoloji tələblərə uyğun tikilən yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti