...

Nazir: Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları Ukraynaya ixrac oluna bilər

İqtisadiyyat Materials 19 Oktyabr 2017 21:20 (UTC +04:00)
Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları – fındıq, tütün, meyvə-tərəvəz, pambıq lifi, çay Ukraynaya ixrac oluna, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər.
Nazir: Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları Ukraynaya ixrac oluna bilər

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları – fındıq, tütün, meyvə-tərəvəz, pambıq lifi, çay Ukraynaya ixrac oluna, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə nazir Şahin Mustafayev deyib.

Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla davam edir, ticarət əlaqələri genişlənir. Sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi zamanı qida sənayesi, gəmiqayırma, əczaçılıq, kimya, maşınqayırma, tikinti materialların istehsalı sahələrində əməkdaşlıq, Ukrayna şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında iştirakı imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda əczaçılıq sənayesinin yaradılması sahəsində görülən işləri, o cümlədən ixtisaslaşmış Pirallahı Sənaye Parkını, kimya sahəsində ölkəmizin zəngin təcrübəsini, Ukrayna ilə bu sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunan Ş.Mustafayev bildirib ki, Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları – fındıq, tütün, meyvə-tərəvəz, pambıq lifi, çay Ukraynaya ixrac oluna, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər.

Qeyd edilib ki, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaq Ukraynada Azərbaycanın Ticarət Evinin açılması istiqamətində işlər davam etdirilir. Vurğulanıb ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir, tranzit daşımaların səmərəliliyini artırmaq üçün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyət göstərir. Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə edə, limanlar arasında qarşılıqlı əməkdaşlıq həyata keçirilə bilər.

S.Kubiv ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, son zamanlar ticarət əlaqələrinin genişləndiyini qeyd edib, energetika, maşınqayırma, kimya, əczaçılıq və s. sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Stepan Kubiv ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının və işçi qruplarının fəaliyyətini qeyd edib, birgə sərgilərin və yarmarkaların təşkilinin əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Ukrayna nümayəndə heyətinin tərkibində təmsil olunan energetika, metallurgiya, kimya sənayesi, əczaçılıq, poliqrafiya və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri fəaliyyət sahələri barədə məlumat verib, əməkdaşlığa dair təkliflər səsləndiriblər.

Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Ukrayna nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti