...

Azərbaycanda elektron ödənişlərin inkişafı müzakirə edilib

İqtisadiyyat Materials 25 Oktyabr 2017 16:55 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışovun “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüşü keçirilib.
Azərbaycanda elektron ödənişlərin inkişafı müzakirə edilib

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışovun “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüşü keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, görüşdə “Visa İnc.” beynəlxalq kart təşkilatını Azərbaycan, Moldova və Belarusiya üzrə regional meneceri İqor Kovalyov, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa regionu üzrə Hökumət Qurumları ilə əlaqələr sektorunun direktoru Yuliya Zavalişnaya və digərləri təmsil edib.

Tədbirdə “Visa İnc.” beynəlxalq kart təşkilatı tərəfindən müxtəlif şəhərlərdə, o cümlədən Bakı şəhərində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə aparılan araşdırmanın nəticələri açıqlanıb. Araşdırmanın nəticəsi kimi müxtəlif şəhərlərdə növbəti 15 il ərzində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə müsbət trendlər, hökumətin, özəl sektorun və vətəndaşların əldə edəcəkləri nailiyyətlər qeyd edilib. Eyni zamanda, görüş çərçivəsində “Visa İnc.” beynəlxalq kart təşkilatının Visa Token Xidmətinin təqdimatı keçirilib. Təqdimatda beynəlxalq təcrübədə son trendlər, habelə tətbiq ediləcək texnologiyanın rəqəmsal ödənişlərin daha təhlükəsiz formada həyata keçirilməsində rolu göstərilib.

Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə Palata tərəfdən bank xidmətləri üzrə rəqəmsallaşmanın genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyi və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişlənməsinin zəruri olduğu bildirilib. Eyni zamanda, “Visa İnc.” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının iştirakçısı kimi rolu vurğulanaraq bir sıra iri layihələrin reallaşdırılmasında təşkilatın mühüm rol oynaya biləcəyi qeyd edilib.

Görüş zamanı ölkədə elektron ödənişlərin inkişafı üzrə prioritet hədəflər və birgə əməkdaşlıq istiqamətləri də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti