...

BP və tərəfdaşları "Şirin Qızıl" layihəsini təqdim edib

İqtisadiyyat Materials 1 Dekabr 2017 14:20 (UTC +04:00)
BP və tərəfdaşları "Şirin Qızıl" layihəsini təqdim edib.
BP və tərəfdaşları "Şirin Qızıl" layihəsini təqdim edib

Bakı. Trend:

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “AzACG-SOCAR”, “AzSD-SOCAR”, “AzSCP-SOCAR”, “TPAO”, “PETRONAS”, “AzBTC-SOCAR”, “Chevron”, “Lukoil”, “NİCO”, “Statoil”, “Inpex”, “ExxonMobil”, “SGC Upstream”, “SGC Midstream”, “Itochu”, “ONGC”, “TOTAL”, “ENI” bu gün Azərbaycanda kənd icmalarında arıçılığın, bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafına dəstək verən “Şirin Qızıl” layihəsini təqdim ediblər.

Trend-in məlumatına görə, layihənin təqdimatı 2017-ci ilin mart ayında 18 icmada başlanmış bir illik pilot fazanın uğurlu irəliləyişinə əsaslanır. Onun məqsədi rəqabət qabiliyyətli balçılıq təsərrüfatları yaratmaq üçün seçilmiş icma üzvlərini lazımi resurslar və bacarıqlarla təmin etməkdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) deyib: “Bu layihə BP və tərəfdaşlarının qonşuluğumuzdakı icmalarda gəlir imkanlarının artırılmasına yardım etmək səylərinin bir hissəsidir. Düzgün resurslar və iş bilgisi olarsa, arıçılıq əhəmiyyətli gəlir gətirən bir sahədir. Biz burada hər iki aspekti - yəni həm ən zəruri avadanlıq və alətlərin təmin olunmasını, həm də arıçılıq fəaliyyətinin idarə edilməsi üçün potensialın yaradılmasını diqqətə götürmüşük. Daha geniş kontekstdə isə bu layihə hökumətin digər qeyri-neft sektorları ilə yanaşı, kənd təsərrüfatı sahəsini inkişaf etdirmək səylərinə dəstəkdir. Ümid edirik ki, layihə kənd icmalarında gəlir gətirməklə və yeni bacarıqlar yaratmaqla öz məqsədinə nail olacaq”.

Bu vaxtadək pilot faza çərçivəsində Yevlax, Samux və Şəmkir rayonlarındakı kəndlərdə 100 arıçılıq təsərrüfatı fəaliyyətə başlayıb. Layihənin bir hissəsi olaraq hər təsərrüfat 15 arı pətəyi, 10 arı ailəsi, digər tələb olunan avadanlıqlar və alətlərlə təmin edilib və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən ixtisaslaşmış təlimlər keçirilib. Bu layihə çərçivəsində həmçinin, Dianna Sammataronun “Arıçılıq kitabı” – arıçılar üçün dünyada məşhur bələdçi kitab - Azərbaycan dilinə tərcümə edilib və nəşr olunub.

2-ci fazada layihənin genişləndirilməsi və sosial investisiyanın artırılması nəzərdə tutulur və bu faza 2020-ci ilədək davam edəcək. Bu fazada BTC və CQBK boru kəmərləri boyunca yerləşən altı rayonda – Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında əlavə 600 arıçının yetişdiriləcəyi gözlənilir. Layihə nəticəsində həmçinin, bal arısı xəstəliklərinin idarə olunmasını və balın keyfiyyətini yaxşılaşdırmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetində ixtisaslaşmış laboratoriyanın yaradılması, bal arıları üçün nektar mənbəyi olacaq 60000 ağacın əkilməsi, arıçılıq sahəsində əlavə üç kitabın (bal arılarının və ana arıların yetişdirilməsi, bal arılarının ziyanvericiləri və xəstəlikləri) tərcümə olunması və çap edilməsi və Gəncə-Qazax iqtisadi rayonunun nektar xəritəsinin hazırlanması gözlənilir.

Layihəni yerli şirkət olan Puls-R icra edir.

Layihənin ümumi dəyəri pilot faza üçün təxminən 400000 manat və ikinci faza üçün isə təxminən 2900000 manat təşkil edir.

BP-nin və tərəfdaşlarının Xəzər regionundakı layihələrinin uğuru regionlardakı insanların bu layihələrdən maddi faydalar əldə etməsini əhatə edir. Buna nail olmaq üçün BP iri sosial investisiya layihələri həyata keçirməyə davam edir və bu layihələr təhsil proqramlarını, yerli icmalarda səriştə və bacarıqların yaradılmasını, maliyyə vasitələrindən və təlimlərdən istifadə imkanı təmin etməklə yerli sahibkarlara dəstək göstərilməsini, mədəni irs və idman sahəsinə dəstək verilməsini, habelə dövlət qurumlarına texniki yardım göstərilməsini əhatə edir. 2017-ci ilin birinci üç rübündə BP və onun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşlar Azərbaycanda təkcə sosial investisiya və sponsorluq layihələrinə təxminən 5,7 milyon ABŞ dolları vəsait xərcləyib. BP əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşlarının adından ölkənin öz iqtisadiyyatını gücləndirməsinə yardım etmək üçün Azərbaycanda yerli potensialın yaradılmasına və sahibkarlığın inkişafına dəstək olan öz sosial investisiya təşəbbüslərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti