Bakı. Trend:
Binəqədi rayonunda Məsud Davudoğlu küçəsinin əsaslı şəkildə təmiri işlərinə start verilib.
Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, 930 metr uzunluğunda olan küçənin eni 7-8 metr arası dəyişir. Əsaslı təmir çərçivəsində küçənin eni 11-12 metrə qədər genişləndirilir.
Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun 8 min kv.m-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə “cib”li dayanacaq hissələr yaradılır.
Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 36 ədəd yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.