Bakı. Trend:
Bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Dövlətimizin başçısı hesab edir ki, turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var:
"Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı 500 minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir".