...

Bakıda qadınlar arasında ilk dəfə "Startup" yarışı keçiriləcək (FOTO)

İqtisadiyyat Materials 30 Yanvar 2018 19:52 (UTC +04:00)
Qalib xanım Parisdə keçiriləcək Böyük Finalda ölkəmizi təmsil edəcək.
Bakıda qadınlar arasında ilk dəfə "Startup" yarışı keçiriləcək (FOTO)

Bakı. Trend:

"Global Startup Weekend Women" tədbirinə bu il Bakı da qoşulur.

Bu barədə Trend-ə məlumatı tədbirin yerli təşkilatçılarından biri, NEXT Step İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib.

“Boş durma, hərəkət et” şüarı ilə keçiriləcək yarış 3 gün davam edəcək və 9-11 fevral tarixlərində baş tutacaq.

R.Eyvazov bildirib: "Ölkəmizdə startup ekosistemi addım-addım inkişaf etməkdədir və bu prosesə artıq xanımların da qoşulması zəruridir. Startup Weekend Women ötən il Parisdə başlayan yarışdır və bu il artıq 30 ölkəni əhatə edən qlobal tədbirə çevrilib. Azərbaycanın bu layihəyə qoşulması qadınlar arasında startup anlayışı, öz işini qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq kimi ifadələri möhkəmləndirərək, qadın biznes sahiblərinin sayını artıracaqdır”.

Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanan ideyalar ilə qadın sahibkarlar, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideyanın sahibəsi isə mart ayında Parisdə keçiriləcək Böyük Finalda ölkəmizi təmsil edəcək. Həmçinin, qalib komanda Next Step İnnovasiyalar Mərkəzinin Sup.az aksellerasiya proqramında iştirak etmək haqqını qazanacaq. Maraqlı faktlardan biri də odur ki, bu tədbirin qlobal siması dünya şöhrətli ulduz Emma Vatsondur və Parisdə keçiriləcək Böyük Finalda onun da iştirak etməsi gözlənilir.

Qeyd edək ki, Global Startup Weekend Women Azər Türk Bankın baş sponsorluğu ilə keçirilir.

Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək: ARDNF icraçı direktorunun müşaviri - Nərgiz Nəsrullayeva-Müdüroğlu, ABŞ səfirliyinin ölkəmizdəki nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi - Caroline Savage, Red Communications şirkətinin təsisçisi - Tatyana Mikayılova və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki nümayəndəsi - Aliyə Əzimova.

3 gün ərzində iştirakçılar, həmçinin, mentorlardan biznes məsləhətləri və tövsiyələrə də qulaq asacaqlar.

Yarış haqda ətraflı məlumatı və proqramı rəsmi saytdan əldə edə bilərsiniz: http://communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/12361#event-overview

Online qeydiyyat üçün link: https://www.eventbrite.com/e/global-startup-weekend-women-baku-tickets-41546778533

Oflayn qeydiyyat üçün Next Step İnnovasiyalar Mərkəzinə yaxınlaşa bilərsiniz. Ünvan: AF Business House, Nizami küç.203B, Səməd Vurğun heykəlinin yaxınlığı.

Email: [email protected]

Suallarınızı Baku Startup Weekend Facebook səhifəsinə ünvanlaya bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti