Bakı. Trend:
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Bankdan Trend-ə verilən məlumata görə, iclasa sədrlik edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.
Nazir bildirib ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: “Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qoruyub. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlayıb”.
Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni sədri Şahmar Mövsümov 1972-ci ildə anadan olub. 1995-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. 1995-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-cı ilin mayından Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorudur.
Müşahidə Şurasının yeni üzvü Emin Hüseynov 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə isə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. İqtisad üzrə fəlsəfə doktorudur. 1998-ci ildən etibarən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəliyində, Azərbaycan Respublikasının Mərkəzi Bankında, ADA Universitetində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin iyunundan Azərbaycan Respublikası Maliyyə nazirinin müavindir.
Müşahidə Şurasının yeni üzvü Sahil Babayev 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetini "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-cu ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində, Azərbaycan Respublikası Milli Məclisində, İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ilin martından Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavinidir.
Müşahidə Şurasının yeni üzvü Xalid Əhədov 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini «Maliyyə və kredit» ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2011-2012-ci ildə Avropanın Instituto de Empresa (IE) biznes məktəbində (Madrid) MBA təhsili alıb. 1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin dekabrından son təyinata qədər “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri olub.