...

Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Materials 9 May 2018 13:12 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev son 10 ildə Avropa İttifaqına 6 səfər edib, həmçinin Aİ-nin yüksək vəzifəli nümayəndələri ölkəmizdə səfərdə olub.

Avropa nümayəndə heyətinə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkə iqtisadiyyatının inkişaf etdiyini, maliyyə sabitliyini, qeyri-neft ixracının artdığını, ticarət balansının müsbət olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan və Aİ arasında enerji, nəqliyyat, ticarət və s. sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, Aİ ölkəmizin əsas ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir və ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb. Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir.

İqtisadiyyat naziri bu ilin 5 iyun tarixində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa İttifaqı biznes forumunun iş adamları arasında əlaqələrin genişləndirilməsində və əməkdaşlıq perspektivlərinin müzakirəsində əhəmiyyətli olacağını qeyd edib. Ş.Mustafayev Azərbaycanın digər sahələrlə yanaşı, nəqliyyat və energetika sahələrində də Aİ ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxın zamanlarda istifadəyə veriləcəyini diqqətə çatdıraraq, nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə geniş imkanlar açılacağını qeyd edib. Vurğulanıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sahəsində Azərbaycanın imkanlarını daha da artırıb. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Qonaqların suallarını cavablandıran Ş.Mustafayev ölkəmizdə tullantıların zərərsizləşdirilməsi və təkrar emalı, Böyükşor gölünün bərpası layihəsi barədə məlumat verib. Bildirilib ki, “yaşıl iqtisadiyyat”ın inkişafı üçün yaradılmış Balaxanı Sənaye Parkında 11 rezident qeydiyyatdan keçib, burada 600-ə yaxın yeni iş yeri yaradılıb. Görüşdə həmçinin, Aİ ilə tranzit daşımalarına və turizmin inkişafına, bu sahədə təhlükəsizliyin təmin olunmasına və rəqabətqabiliyyətliliyin artırılmasına istiqamətlənmiş Vahid Aviasiya Məkanı Sazişi barədə müzakirələr aparılıb.

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edərək, əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb. Görüşdə Azərbaycan ilə Aİ arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti