Bakı. Trend:
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsi yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində avtomobil tunelinin çıxışından Xırdalan dairəsinə qədər olan hissədə yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasında əlavə kipləşdirmə işləri aparılıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə bu işlər 250 min kv.m-dən çox ərazini əhatə edib.
Təmir işlərinin aparıldığı ərazi boyu zəruri olan yerlərində yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Qeyd edək ki, yolun uzun müddət (2008-ci ildən) istismar olunmasına baxmayaraq təmir olunmaması, asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən üst qatının aşınmaya məruz qalması, üstəlik yol ayrıcında əyri-xətli dəmir tirlərin sökülərək yolun bu hissəsində, həmçinin kənar hissələrdə də genişləndirilməsindən sonra asfalt örtükdə yaranan deformasiyalar səbəbindən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulmasına ehtiyac yaranıb.