...

Azərbaycanda daha bir turizm əhəmiyyətli yol yenidən qurulur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 25 İyul 2018 14:10 (UTC +04:00)
Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri artıq yekunlaşır.
Azərbaycanda daha bir turizm əhəmiyyətli yol yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri artıq yekunlaşır.

Agentlikdən Trend-ə verilən məlumata görə, uzunluğu 17,5 kilometr olan 2 hərəkət zolaqlı avtomobil yolunun 4-cü texniki dərəcəyə uyğun bərpası işləri tamamlanır.

Aparılan işlər zamanı yol boyu yeni yol yatağı inşa edilib. Buna paralel olaraq, mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülüb. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü boru quraşdırılıb.

Tikinti layihəsinə uyğun olaraq, optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrdə isə yolun asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 100 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Layihə çərçivəsində, tikinti işlərindən sonra yolda hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, həmçinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Yenidənqurma işlərinin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.

Yolun istifadəyə verilməsi ilə əhalinin R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranacaq.

Bundan başqa, yolun əsaslı şəkildə bərpası turizmin də inkişafına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti