Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq" adlı ilk konfrans keçirilir.
Trend-in məlumatına görə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfrans haqda ətraflı məlumat verib. Bildirib ki, konfransın təşkilində əsas məqsəd qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.
Bildirilib ki, noyabrın 12-18-də dünyada sahibkarlığın inkişafı həftəsi qeyd olunur. Konfrans həm də bu təşəbbüsə dəstək vermək məqsədi daşıyır.
Məlumat verilib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın dəstəyi ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirməkdir. Onların inkişafına, yerli və dünya arenasına çıxmasına dəstək verməkdir. Eləcə də Assosiasiyanın təşəbbüsü ilə yerli və beynəlxalq tədbirlərdə, forumlarda, konfranslarda, təlimlərdə sahibkar qadınların iştirakını təşkil etməkdir. Qısa müddət ərzində Assosiasiya böyük nailiyyətlər əldə edib. Daxili və xarici əlaqələrini genişləndirib, sahibkar qadınlarla birgə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.
Konfransda digər çıxış edənlər bu kimi tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb və assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzu ediblər.
Qeyd edək ki, konfrans çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü olan "Göz nuru, Əl əməyi" adlı sərgi təşkil olunub.