Bakı. Trend:
Bakı-Tbilisi-Qars dəmir yolu səyahətlər haqqında təsəvvürləri dəyişəcək.
Trend-in məlumatına görə, ABŞ-ın nüfuzlu CNN telekanalının saytında dərc olunmuş məqalədə belə deyilir.
Belə ki, CNN Bakı-Tbilisi-Qars dəmir yolunu səyahətlər haqqında təsəvvürləri dəyişə biləcək yeni dəmir yol marşrutlarının siyahısına daxil edib.
CNN-in saytında dərc olunmuş məqalədə deyilir: “2017-ci ildə açılmış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun uzunluğu 513 milə (826 kilometr) bərabərdir. Azərbaycanın və Gürcüstanın paytaxtlarını Türkiyənin qədim Qars şəhəri ilə birləşdirən bu yol 2019-cu ildə yeni marşrut təqdim edəcək. Bu marşrutla sərnişinlər Bakıdan Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edə biləcəklər. Bu il dəmir yol səyahətləri həvəskarları üçün xoşagələn olub. Yeni sürətli marşrutlar iri şəhərləri əlaqələndirir, yola sərf edilən vaxtı azaldır. Səyahətçilərin uçuşa alternativ axtarmalarından, yoxsa sadəcə qatarda daha sürətlə getmək istəmələrindən asılı olmayaraq, bu marşrutlar səyahətlər üçün yeni imkanlar təklif edir”.
Magistralda istifadə olunmaq üçün vaqonlar istehsal edən İsveçrə şirkətinin məlumatına görə, bu yolda qatarların maksimum hərəkət sürəti saatda 100 mil (160 kilometr) olacaq.Hazırda sərnişinlər Azərbaycan və Türkiyə paytaxtları arasındakı yolu qət etmək üçün bir neçə dəfə minik dəyişməklə 40 saat vaxt sərf etməli olur.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bir qədər əvvəl Trend-ə bildirilmişdi ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır. Bu məqsədlə 2019-cu ilin birinci rübündə Azərbaycana İsveçrənin "Stadler" şirkətinin istehsalı olan yeni vaqonların gətirilməsi gündəmdədir. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanır.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.