Bakı. Trend:
Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 29 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər. Xidmətə daxil olan vətəndaş müraciətlərin bir qismində isə sosial xarakterli ödənişlərin işçilərə verilməsinin gecikdirildiyi əksini tapıb.
Xidmətin yanvar-mart aylarında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 33 844 manat sosial xarakterli ödənişlərin işçilərə verilməsinin gecikdirildiyi müəyyən edilib. 93,8 faizi əməkhaqlarından, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənişlərdən ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.