Bakı. Azad Həsənli - Trend:
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sığorta şirkətləri və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinə kömək edəcək.
Bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Trend-ə müsahibəsində Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyindən danışarkən deyib.
O.Məmmədov qeyd edib ki, dünyanın heç bir ölkəsində özəl sektorda bu cür hadisələr zamanı dəyən ziyanın ödənilməsini dövlət öz üzərinə götürmür: "Azərbaycanda təbii fəlakətlər və yanğınlar zamanı dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi, ziyan çəkən insanlara dəstəyin göstərilməsi ardıcıl xarakter daşıyır. “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın ödənilməsi barədə ölkə başçısının verdiyi tapşırıq bir daha göstərdi ki, dövlət sahibkarın ən böyük dəstəkçisidir".
KOBİA-nın rəhbəri bildirib ki, bu hadisə müxtəlif sahələrdə, xüsusilə də biznes sektorunda sığortanın vacibliyini, hər bir sahibkarın öz malını və mülkünü sığorta etdirməsinin önəmini göstərdi: "Baş verə biləcək bu kimi hadisələrdən sığorta vasitəsilə daha az zərərlə çıxmaq mümkündür. Ticarət mərkəzindəki yanğından zərər çəkən sahibkarların özləri də qeyd edir ki, sığortaları olmadığı halda onlara maddi yardımın verilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımıdır və dövlətin daim sahibkarların yanında olmasının daha bir göstəricisidir".
O.Məmmədov vurğulayıb ki, sahibkarlıq subyektləri, xüsusilə də kiçik və orta sahibkarlar mal və mülklərinin sığorta olunmasında maraqlı olmalıdırlar: "Sığorta şirkətləri və sahibkarlar arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi vacibdir. Sahibkarların sığortanın vacibliyi ilə bağlı maarifləndirilməsi, eləcə də sığorta şirkətləri və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində KOBİA da müvafiq maarifləndici tədbirlər keçirməyi planlaşdırır".