...

Kürdəmirdə pambıq sovkasına qarşı bioloji mübarizə başladı

İqtisadiyyat Materials 22 İyun 2019 01:25 (UTC +04:00)
Mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilir
Kürdəmirdə pambıq sovkasına qarşı bioloji mübarizə başladı

Bakı. Trend:

Mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bugündən etibarən Kürdəmir rayonunda pambıq sovkasının birinci nəslinə qarşı bioloji mübarizə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının dəstəyi ilə Kürdəmir rayonu ərazisində 38 hektar sahədə pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə bioloji mübarizə həyata keçirilib.

Qeyd edək ki, iyun ayının 25-nə qədər aparılacaq bioloji mübarizənin Kürdəmir rayonu ərazisində əkilmiş 2809 hektar pambıq sahəsinin 1000 hektarında davam etməsi nəzərdə tutulub.

Bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Abşeron rayonlararası bioloji laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Buna görə də çoxaldıldığı laboratoriyanın temperatur və rütubət şəraiti təbiətdəkinə uyğunlaşdırılıb.

Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub, 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur.

Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərazində başa çatır.

Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üç dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.

Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılması, məhsulun maya dəyərinin aşagı salınması, keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.

Bu həşərat həmin zərərvericilərin populyasiya sıxlığını İqtisadi Ziyanvurma Həddindən (İZH) ((pambıq sovkası – 1 tırtıl/ m2, payızlıq sovka 2-5 tırtıl/m2, çəmənlik kəpənəyi – 10 tırtıl/m2, kələm sovkası – 1-2 tırtıl/m2) xeyli aşağıda saxlamaqla, yüksək bioloji səmərəlilik göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti