...

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

İqtisadiyyat Materials 9 Sentyabr 2019 15:46 (UTC +04:00)

Bakı. Trend:

Yerli (bələdiyyə) vergi və ödənişlər Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na (HÖP) inteqrasiya olunmuş 30 bank və “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 1 300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (“Android” və iOS platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.

Bu barədə Trend-ə AMB-dən bildirilib.

Bankdan verilən məlumata görə, HÖP-ün infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri çərçivəsində uzun müddətdir ki, yerli vergilər və ödənişlərin toplanılması imkanın yaradılması istiqamətində işlər davam etdirilirdi. Bu istiqamətdə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyə assosiasiyaları ilə birlikdə görülən işlər başa çatdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yaradılmış “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” HÖP infrastrukturuna inteqrasiya olunub. İlkin mərhələdə ölkədə mövcud olan 1 607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergi ödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq və ölkənin bütün regionlarında ödənişlərin qəbulu təmin ediləcək.

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr tərəfindən təqdim edilən “Yerli Vergi Ödəyicisinin Kodu” (YVÖK) istifadə edilməlidir. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.

Qeyd edək ki, hazırda bu infrastruktura 12 mərkəzi icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi), 4 kommunal xidməti müəssisəsi (“Azərsu” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, ARDNŞ-in “Azəriqaz” İB), 5 stasionar və mobil rabitə operatoru (“Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Azercell Telekom” MMC, “Azerfon” MMC, “Bakcell” MMC), Elektron Lisenziyalar Portalı, “Elektron Məhkəmə” portalı üzərindən 104 məhkəmə orqanı, İcbari Sığorta Bürosu vasitəsi ilə 14 sığorta şirkəti, Bakı Nəqliyyat Agentliyi, Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət İmtahan Mərkəzi, ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti) və Milli Sertifikat Xidmətləri Mərkəzi inteqrasiya olunub. Bu gün HÖP-ə inteqrasiya olunmuş qeyd olunan qurumlar üzrə ümumilikdə 550-dan çox xidmət, o cümlədən 400-dən artıq dövlət xidmətləri (vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və s.) üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti