Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına və tapşırıqlarına əsasən ölkəmizin hər bir guşəsində, o cümlədən paytaxt Bakının bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır.
Trend-in məlumatına görə, verilmiş tapşırıqların uğurlu icrası ilə bağlı son illərdə Xəzər rayonunda da geniş abadlıq-quruculuq işləri aparılıb, o cümlədən rayonun mərkəzi küçələri ilə yanaşı qəsəbədaxili küçələrində asfaltlanma işləri görülüb, küçə və prospektlərdə işıqlandırma sistemləri yenilənib, yeni istirahət parkları salınıb, rayonun su xətləri ilə təmin olunmayan ərazilərində yeni içməli su şəbəkələri qurulub, çoxmənzilli binaların sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilməkdədir.
Belə ki, ölkə prezidentinin tapşırığına əsasən, rayonda çoxmənzilli binaların dam örtüklərinin yenilənməsi işlərinə başlanılıb.
Hazırda işlər rayonun 3 qəsəbəsində olmaqla 1711 sakinin yaşadığı, 448 mənzildən ibarət 8 binada aparılır. Bunlar Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi 1, Saəddin Dadaşov küçəsi 4, Buzovna qəsəbəsi V.Seryogin küçəsi 12, Albalılıq yaşayış sahəsindəki 2, 7,11, Binə qəsəbəsi İ.Əhmədov küçəsi 2 və Əli İsazadə küçəsi 1 nömrəli çoxmənzilli yaşayış binalarıdır.
Yaşadıqları binaların təmir olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda, eləcə də Xəzər rayonunda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.