Bakı. Trend:
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan, Azərbaycanın ən böyük supermarket şəbəkəsi olan “Araz” satış və logistika imkanlarını genişləndirmək niyyətindədir. Bu məqsədlə (Avropa Yenidənqurma və İnkişaf Bankı) AYİB regional rəhbərləri, Matteo Patrone və Catarina Bjorlin Hansen şirkəti ziyarət edərək Veysəloğlu Şirkətlər Qrupununun rəhbərliyi ilə görüş keçirib.
Layihənin maliyyələşdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı və Almaniya İnvestisiya və İnkişaf Təşkilatı hər biri ayrı-ayrılıqda 5 milyon avro olmaqla 10 milyon avro dəyərində kredit ayırıb.
Qeyd edək ki, Araz supermarketlər şəbəkəsinin 125 mağazası fəaliyyət göstərir. Bunlardan 109-u Araz, 13-ü Spar və 3-ü isə Favorit marketləridir.
Bu sərmayə ilə şirkət paylama mərkəzini genişləndirməyi və logistik infrastrukturunu 3 dəfədən çox artırmağı planlaşdırır. Həmçinin quraşdırılacaq yeni texnologiyalar təzə və dondurulmuş kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsi eyni zamanda tədarük zəncirinin efektiv idarə edilməsinə, dövriyyə kapitalını yaxşılaşdırmaqla ümumi məhsuldarlığın və mənfəətin artırılmasına köməklik göstərəcəkdir.
AYİB-in Azərbaycandakı rəhbəri İvana Duarte bildirib ki, “AYİB Araz supermarketlər şəbəkəsini maliyyələşdirməklə ölkənin sürətlə inkişaf edən pərakəndə sektorunu dəstəklədiyini nümayiş etdirir. Müasir pərakəndə ticarət şəbəkəsinin böyüməsi yerli istehsalçılar və fermerlərin inkişafı üçün bir təkandır. Eyni zamanda müştərilərə fayda verməklə yanaşı, daha yüksək məhsuldarlıq, qiymət şəffaflığı, yüksək xidmət standartları, qida və digər malların keyfiyyəti və təhlükəsizliyini təmin edir”.
Yaxın günlərdə 25 illiyini qeyd edən istehsalat, idxalat, ixracat və pərakəndə ticarət sektorunda öndə gedən Veysəloğlu Şirkətlər Qrupunda 14 minə yaxın işçi fəaliyyət göstərir.