Bakı. Trend:
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi çərçivəsində bir sıra strukturların fəaliyyəti sosial təcridetmə tələblərinə uyğunlaşdırılıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hələ ötən ay Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini nəzərə alaraq vergiödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə onların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bütün bunlar isə, təbii ki, Dövlət Vergi Xidmətinin “195-1” Çağrı mərkəzinə müraciətlərin sayının kəskin şəkildə artmasına səbəb olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, son 3 həftə ərzində mərkəzə daxil olan zənglərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artaraq 73 min 555-ə çatıb. Bu müddət ərzində itirilmiş zənglər və zəng sifarişləri üzrə edilən əks əlaqələr də daxil olmaqla ümumilikdə 35 min 663 zəng təmsilçilər tərəfindən cavablandırılıb.
Daha çox vahid bəyannamənin tətbiqi, onların doldurulma və göndərilmə qaydaları (daxil olan sualların ümumi sayında xüsusi çəkisi 14 faiz), “ASAN İmza” sertifikatının yeni formadan əldə edilməsi (13 faiz) barədə sualların sayı artıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən maliyyə dəstəyi ilə bağlı da müraciətlərin sayında ciddi artım qeydə alınıb.
Dövlət Vergi Xidmətinin Çağrı mərkəzinin bütün əməkdaşlarının tam tərkibdə və daha gərgin rejimdə fəaliyyəti göstərmələrinə, zəngləri qəbul etmək üçün mövcud 180 kanalının imkanlarından tam şəkildə istifadə olunmasına, sualların cavablandırılmasına əlavə işçi qüvvəsinin cəlb edilməsinə baxmayaraq, vergiödəyicilərindən iş yükünün həddindən çox artmasını nəzərə alaraq xidmətin rəsmi internet səhifəsinə müraciət etmək, orada yerləşdirilmiş qaydalar və təlimatlarla tanış olmaq tövsiyə olunur.