...

Qeyri-neft sektoru üzrə ixrac 8,9 faiz azalıb

İqtisadiyyat Materials 30 İyun 2020 13:03 (UTC +04:00)
Qeyri-neft sektoru üzrə ixrac 8,9 faiz azalıb

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayı təqdim edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə,2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 6,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 721 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalıb.

Bu ilin yanvar-may ayları ərzində Rusiyaya 271 milyon, Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon, İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6 faiz, İsveçrəyə 26 faiz və Çinə 40.3 faiz artıb.

2020-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (123.1 milyon ABŞ dolları) birinci, qızıl ((sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 64.7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (51 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 5 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 236,5 milyon, pambıq lifi ixracı 49,5 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 31,5 milyon, kimya sənayesi məhsullarının ixracı 34,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 19,5 milyon, pambıq ipliyi ixracı 9,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 5,7 milyon, şəkər ixracı 5,9 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 172.6 milyon ABŞ dolları təşkil edib ki, ötən dövrlə müqayisədə 17,8 faiz azalıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 milyon ABŞ dolları), İsveçrəyə (23 milyon ABŞ dolları), Türkiyəyə (22,2 milyon ABŞ dolları), Gürcüstana (11,7 milyon ABŞ dolları)və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti