Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistan bizimlə normal qonşuluq siyasəti apararaq münasibətləri rəvan saxlasaydı, onun qazancı işğal altındakı torpaqlarımızdan əldə etdiyi qazancdan ən azı 5-7 dəfə çox olardı. Çünki onun işğalçılıq siyasəti Azərbaycan dövlətini bu ölkəni iqtisadi blokadaya salmağa vadar etdi.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bu işğal nəticəsində Ermənistan bütün regional və iqtisadi layihələrdən kənarda qaldı. Bu layihələrin onlara qazandıra biləcəyi iqtisadi mənfəətdən məhrum oldular:
"Ermənistan hər il daha ağır sosial-iqtisadi duruma düşdü. Odur ki, Ermənistanın regional inteqrasiya imkanlarından imtina edib, işğala və işğal altındakı ərazilərimizdən faydalanmağa çalışması bir ağılsız bağbanın barını dərib hər il mənfəət götürə biləcəyi ağacları kəsib, onları oduncaq kimi satmağa çalışmasına bənzəyir".
İqtisadçı qeyd edib ki, Azərbaycanın parlaq qələbəsindən sonra Ermənistanın rəsmi səviyyədə məğlubiyyətini qəbul etməsi bu ölkənin vətəndaşları və havadarları tərəfindən birmənalı qarşılanmasa da, əslində, onlar bu bəyanatın Ermənistan iqtisadiyyatına təsirinə, prosesin belə məqamda dayandırılmasına görə sevinməlidirlər:
"Hazırkı məqamda bu, Ermənistan üçün atılmalı olan ən düzgün addım idi. Çünki əməliyyatların davam etdirilməsi onsuz da maddi və hərbi iflasa uğramış bir dövlətin tam süqutuna gətirib çıxara bilərdi. Odur ki, üç ölkə rəhbəri arasında imzalanmış 9 bəndlik məlum bəyanatı Ermənistan boğulmamaq üçün ona verilmiş bir nəfəslik kimi sevinərək qəbul etməlidir. Biz Ermənistanın hansı dərəcədə ağır bir sosial-iqtisadi durumda olduğunu artıq bilirik".
E.Əmirov əlavə edib ki, Ermənistan ÜDM-i üstələyən xarici borca görə de-fakto iflic durumdadır. Bu ölkədə hər vətəndaşa düşən borc payına görə isə daha acınaqlı hal yaranıb. Ermənistanda bir vətəndaşa düşən borc payının minimum əmək haqqına olan nisbəti orta hesabla 1:30 nisbətindədir. Demək, Ermənistan orta statistik bir vətəndaşına verdiyi minimum əmək haqqından düz 30 dəfə çox borcu onun üzərinə yükləyib. Ermənistanın hansı iqtisadi göstəricisinə toxunsaq, eyni bərbad durumun yaranmasının şahidi oluruq. Buna görə də bu ölkənin bu bəyanata böyük ehtiyacı var idi. Özləri bunu dərk etməsələr də, bu bəyanat Ermənistan üçün yeni şanslar deməkdir. Azərbaycan və Türkiyə ilə münasibətlərini bərpa edərsə, o, tarixinin ən yüksək naliyyətinə imza atmış olar. Çox güman ki, bunu erməni siyasi rəhbərliyi də gözəl anlayır. Lakin himayədarlarının aləti olmaqdan yaxa qurtara bilmir. Əgər bu tayfa başqasının aləti olmaqdan yaxa qurtarıb, Ermənistanın gələcəyini qurmaq istəsə, onda bu yol Azərbaycan və Türkiyə ilə münasibətlərin səhmana salınmasından keçir".