...

Ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm formalaşdırılacaq

İqtisadiyyat Materials 17 Fevral 2021 16:20 (UTC +04:00)
Ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm formalaşdırılacaq

Bakı. Trend:

Baş nazir Əli Əsədov Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə Qərar imzalayıb.

Trend-in məlumatına görə, qərarla Azərbaycanda ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm formalaşdırılacaq.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcəklər.

Həmçinin, qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiqləməli, un istehsalçılarına verilən subsidiyanın bu qaydaya uyğun ödənilməsini təmin etməlidir. Eyni zamanda un istehsalçılarına ödənilmiş subsidiya barədə icmal hesabatı 2021-ci il 1 iyun tarixinədək Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Qərara uyğun olaraq subsidiyanın ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə vəsait ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti