Bakı. Trend:
Oktyabrın 29-da Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində də aparılan modernləşdirmə layihələrinin beynəlxalq ticarətin inkişafına, sərhədkeçmə proseslərinin və gömrük prosedurlarının asanlaşdırılmasına şərait yaratdığını bildirib, təmsil etdiyi qurumla Azərbaycan gömrük orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini önə çəkib.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” adlı məruzə ilə çıxış edib.
Komitə sədri ölkəmizdə son dövrlər Prezident İlham Əliyev tərəfindən müxtəlif sahələrdə, o cümlədən gömrük sistemində sistemli-institusional və struktur islahatlarının aparıldığını bildirib.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü bərpa etməsi nəticəsində siyasi və sosial-iqtisadi sahədə yeni imkanlar yaranıb. Dövlət başçısı tərəfindən yeni çağırışlar nəzərə alınmaqla bütün dövlət qurumları üçün yeni hədəflər müəyyən olunub və yeni prioritetlər formalaşdırılıb. Belə həssas və çevik dəyişən şəraitdə isə dövlət qurumlarının özəl sektorla birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Səfər Mehdiyev son illər Dövlət Gömrük Komitəsinin özəl sektorla əməkdaşlığın effektiv mexanizmlərini formalaşdırdığını və islahatlar zamanı özəl sektordan daxil olan əks-əlaqəni daim nəzərə aldığını bildirib. Qeyd olunub ki, hər zaman gömrük-sahibkar münasibətlərinin sağlam əsaslarla təşəkkülünə və gələcəkdə effektiv fəaliyyətin təmin olunmasına xüsusi həssaslıqla yanaşılır və bu prosesin daha da güclənməsi üçün zəruri addımlar atılır.
Səfər Mehdiyev gömrük sistemində zəruri resursların, xüsusilə, müasir biliklərə və bacarıqlara malik kadr ehtiyatlarının olduğunu deyib və son illər gömrük sahəsində kadrların 40%-ə qədərinin yeniləndiyini, effektiv kadr ehtiyatları formalaşdırıldığını vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri daha sonra Azərbaycan gömrük orqanlarında son illər həyata keçirilən islahatlar - “kölgə iqtisadiyyatı” ilə mübarizə və şəffaflığın təmin olunması, xarici ticarətin asanlaşdırılması, hüquqpozmalarla mübarizə, xarici ticarət iştirakçılarına bərabər imkanların yaradılması və fiskal sahədə aparılan genişmiqyaslı tədbirlər barədə məlumat verib və gömrük sisteminin gələcək inkişafı ilə bağlı baxışlarını bölüşüb.
Görüşün sonunda Dövlət Gömrük Komitəsinin rəhbərliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası üzvlərinin suallarını cavablandırıb.