...

Azərbaycanın tranzit imkanları onu Süveyş kanalına alternativ edə bilər - İranlı rəsmi (ÖZƏL)

İqtisadiyyat Materials 18 Noyabr 2021 08:19 (UTC +04:00)
Azərbaycanın tranzit imkanları onu Süveyş kanalına alternativ edə bilər - İranlı rəsmi (ÖZƏL)

Bakı. Elnur Bağışov – Trend:

Azərbaycanın tranzit imkanları onu Süveyş kanalına alternativ edə bilər.

Bunu Trend-ə açıqlamasında İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq tranzit və nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti deyib.

Azərbaycanın yol infrastrukturunun səviyyəsini yüksək qiymətləndirən C.Hedayəti ölkənin bu istiqamətdə böyük investisiyalar yatırdığını deyib:

"Azərbaycan dövləti çox aydın, şəffaf strategiya ilə bu istiqamətdə addımlar atıb", - C.Hedayəti əlavə edib.

Ötən il Süveyş kanalında gəminin batması ilə əlaqədar kanalın uzun müddət bağlı qalması və beynəlxalq ticarət üçün təhdidin yarandığını xatırladan İran rəsmisi qeyd edib ki, bu insidentdən sonra bir çox ölkə alternativ yollar axtarmağa başlayıb.

C.Hedayəti bildirib ki, Azərbaycan Xəzər dənizinin qərbində İranı Rusiya, Qafqaz ölkələri və Qara dənizlə birləşdirə bilər: “Bundan əlavə, İran və Azərbaycanın yerləşdiyi bu marşrut Avropa ölkələri ilə bir neçə trilyon dollarlıq ticarəti olan Şərqi Asiyanı, Çin, Cənubi Koreya, Hindistanı birləşdirə bilər”, - deyə o vurğulayıb.

Baş direktorun sözlərinə görə, İran və Azərbaycan yaranan bu fürsətdən maksimum faydalanmalıdır:

"Bununla əlaqədar iki ölkə arasındakı marşrutun aktivləşdirilməsi əhəmiyyətlidir. Hazırda bu marşruta sadəcə diqqət yetirilir, lakin bu marşrutdan tam istifadə edilməlidir. Sənədlərin, icazə blanklarının rəqəmsallaşdırılması, sərhədlərdə yük maşınlarının ləngiməməsi, nəzarətlərin koordinasiya edilməsi bu sahədə atılacaq müsbət addımlardır. Çünki bu marşrut çox ideal marşrutdur", - C.Hedayəti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti