...

AHK Azərbaycan üzvlərinin ümumi yığıncağı 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə baş tutub (FOTO)

İqtisadiyyat Materials 25 May 2022 13:19 (UTC +04:00)
AHK Azərbaycan üzvlərinin ümumi yığıncağı 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə baş tutub (FOTO)

Bakı. Trend:

24 may 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur.

Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək qiymətləndirən sədr Palata üzvlərinin sayının artmasını, yeni AHK İşçi Qruplarının yaradılmasını və gücləndirilməsini, Almaniyadan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və çox sayda fiziki tədbirlərin uğurla baş tutmasını özəlliklə vurğulayıb.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Heiko Schwarz, AHK üzvlərini salamlayaraq, səfirliklə bağlı yenilikləri bölüşüb. Cənab Schwarz Almaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü xatırladaraq, iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, və mədəniyyət sahələrində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. Çıxışını yekunlaşdıraraq, o, davamlı uğurlu əməkdaşlığa görə Palataya minnətdarlığını bildirib.

Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.
“Ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 15 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 163 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, bütün çətinliklərə baxmayaraq, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”

Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub. Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb.

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Almaniya iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) əsasında yaradılmışdır. 163 üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər Azərbaycanın iqtisadi və siyasi qərarverici dairələrinin fəaliyyətindən geniş şəkildə inkişaf etmiş AHK şəbəkəsi vasitəsilə faydalana bilər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə yanaşı, AHK Azərbaycan şirkətlərə geniş çeşiddə etibarlı biznes xidmətləri göstərir və hüquqi xidmətlər təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti