Bakı. Trend:
Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunub.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, “Büdcə sistemi haqqında qanun”un 23.1-ci maddəsinə əsasən, dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir.
"Qanun layihəsinə dair izahatda 2022-ci il ərzində dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi bir sıra zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” qanunun 23.2-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib. "Büdcə sistemi haqqında" qanunun 23.7-ci maddəsinə əsasən, dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla qanunda göstərilmiş 8 sənəd Milli Məclisə təqdim edilib".
O qeyd edib ki, qanun layihələri haqqında Hesablama Palatasının rəyi də qısa müddətdə hazırlanaraq Milli Məclis üzvlərinə təqdim edilib.
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin, Hesablama Palatasının və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub.
2022-ci ilin dövlət büdcəsi haqqınqa qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 26.816 milyon, xəclərinin 29.879 milyon, kəsirinin isə 3.063 milyon manat olacağı planlaşdrılmışdı. Eyni zamanda 2022-ci ildə ÜDM-in real artım tempinin 3.9%, inflyasiyanın orta illik səviyyəsinin 4%, orta aylıq əmək haqqı artım tempinin isə 8.7% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 dollar səviyyəsinə uyğun həyata keçirilib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə aparılan iqtisadi və geo-iqtisadi siyasətin nəticəsi
olaraq bu ilin 5 ayı ərzində Azərbaycan iqtisadiyyatı bütün
sahələrdə mühüm iqtisadi artım nümayiş etdirib, ixracdan əldə
edilən valyuta gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Belə ki,
2022-ci ilin 5 ayı ərzində ÜDM 7.2%, qeyri-neft ÜDM-i 11% artım
nümayiş etdirib, ÜDM-in həcmi 50.8 milyard, qeyri-neft-qaz ÜDM-in
həcmi isə 25 milyard manatı keçmiş, qeyri-neft ixracı isə bu ilin 4
ayı ərzində 38,5% artıb. Bu ilin 5 ayı ərzində ilk dəfə olaraq qaz
ixracından əldə edilən valyuta gəlirləri neft ixracından əldə
edilən valyuta gəlirlərinə yaxınlaşıb. Belə ki, bu müddət ərzində
neft ixracından 3.8 mlrd dollar, qaz ixracından isə 3.5 mlrd dollar
valyuta gəlirləri əldə etmişik. Qeyd edim ki, bu artımar son 12
ilin ən böyük artımlarıdır. Eyni zamanda, göstərilən müddət ərzində
orta aylıq əmək haqqları 14,2% artmış, inflyasiyasının orta illik
göstəricisi 12.6%, "Azerlight" markalı neftin 1 barelinin qiyməti
isə 106 dollar olub. Məhz belə makro-iqtisadi konyuktura
çərçivəsində 2022-ci ilin beş ayı üzrə dövlət və icmal büdcələrinin
operativ icra məlumatına əsasən dövlət büdcəsinin gəlirləri
proqnozdan 1.2 mlrd manat və ya 10.8% artıq yerinə yetirilib.
Həmçinin, 2022-ci ilin beş ayında dövlət büdcəsinin xərcləri
proqnozdan 70 mln manat və ya 0.7% çox icra edilib. Hesabat
dövründə dövlət büdcəsində 1.992,4 milyon manat profisit yaranıb
ki, bu da proqnozdan 2,4 dəfə çoxdur.
Yuxarıda dediyim bütün bu rəqəmlər 2022-ci ilin dövlət büdcəsində
dəyişikliklərin edilməsi üçün real zəmin və zərurət yaradıb".
T.Mirkişili qeyd edib ki, təqdim edilmiş layihədə 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2.381 mln manat, xərclərinin isə 2.424 mln manat artırılması təklif edilir:
"Layihələrin komitədə 1-ci oxunuşda müzakirəsi zamanı konseptual
olaraq əsasən 3 istiqamətdə müzakirələr aparılıb. Dəyişikliklərlə
təqdim edilmiş büdcə layihəsi büdcə qaydasında müəyyən edilmiş
hədlərə cavab verirmi? Qeyd edim ki, Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 28 mart tarixli Fərmanına əsasən, büdcə
qaydasının 2 göstəricisi üzrə hədləri müəyyən edilib. İcmal
büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula
nisbət göstəricisinin yuxarı həddi 2022-ci ilin sonuna isə 27,5%
olmalı və dövlət borcunun ümumi daxili məhsula nisbət
göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi isə
20,0% olmalıdır. Aparılan təhlillər təqdim edilmiş layihənin hər
iki həddi gözlədiyini təsdiq edir. Layihədə artırılmış dövlət
büdcəsi gəlirləri bütün gəlir potensialını əhatə edirmi? Büdcə
gəlirlərini artımının 65%-nin qeyri-neft, 35%-nin isə neft
gəlirləri hesabına formalaşacağı planlaşdırılır. İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsi hesab edir ki, ilin sonuna büdcə
gəlirlərinin göstəriləndən daha çox artması potensialı mövcuddur.
Amma dövlət orqanlarının göstərilən rəqəmlərin hesablanması ilə
bağlı verdiyi izahatları da qaneedici sayılıb. Artırılmış büdcə
xərcləri dövlət başçısının iqtisadi və sosial siyasətinin strateji
hədəflərinə xidmət edirmi?
Müzakirələr zaman təqdim edilən materiallar və suallara verilən
cavablar xərclərin artırlan hissənin dövlət və cəmiyyət qarşısında
duran mühüm çağırışların dəf edilməsinə, yarana biləcək
problemlərin önlənməsinə xidmət edəcəyini deməyə əsas verib.
Beləliklə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”
qanuna təklif edilən dəyişikliklər bağlı aparılan müzakirələri
əhatəli və məhsuldar hesab edir. Hesab edirik ki, müzakirə
etdiyimiz dövlət büdcəsinə dəyişikliklər layihəsi 2022-ci il üçün
ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və
bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm
maliyyə bazası yaradacaqdır".