Bakı. Trend:
Dövlət Gömrük Komitəsində cari ilin 6 ayının yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. Müşavirədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, aidiyyəti strukturların rəhbərləri iştirak edib.
Komitədən Trend-ə verilən məlumata görə, Komitə sədri Səfər Mehdiyev çıxış edərək cari ilin müvafiq dövrü ərzində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, tranzit və ixrac imkanlarının daha da artırılması məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Komitə sədri vurğulayıb ki, regionda formalaşan yeni reallıqlar və çağırışlar fonunda qarşıya qoyulan hədəflərin uğurla icra olunmasında gömrük orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Belə ki, gömrük əməliyyatlarının və sərhədkeçmə proseslərinin asan və sürəli şəkildə həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının daha da sadələşdirilməsi, vaxta və vəsaitə qənaət edilməsi, bir sözlə gömrük işinin səmərəli şəkildə təşkili ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, ixrac və tranzit potensialının artırılmasında mühüm rol oynayır.
Komitə sədri cari ilin 6 ayı ərzində gömrük orqanlarının fiskal sahədə qarşıya qoyulan məqsədlərin icrasında, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb, qarşıdakı aylarda da bu istiqamətdə fəaliyyətin daha effektiv təşkili üçün konkret tapşırıq və tövsiyələrini bildirib. Səfər Mehdiyev mövsümlə əlaqədar, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə olunduğunu diqqətə çatdırıb və ixrac əməliyyatlarının sürətləndirilməsi, sərhədkeçmə proseslərinin təkmilləşdirilməsi, gömrük-keçid məntəqələrində yarana biləcək sıxlıqların aradan qaldırılması məqsədilə yük nəqliyyat vasitələrinin keçidinin elektron növbə prinsipi ilə təşkili istiqamətində müvafiq strukturlara tapşırıqlar verib.