...

Bu il elektron qeydiyyat ərizələrinin 83 faizi “Asan imza” ilə təqdim olunub

İqtisadiyyat Materials 22 İyul 2022 14:45 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.363.776 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxs, 12,4 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,1 faiz (ümumi artımın 85,3 faizi), hüquqi şəxslərin sayı 8,6 faiz (ümumi artımın 14,7 faizi) artıb.

Hesabat dövründə 7.658 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə 36 faiz çoxdur. Bu kommersiya qurumlarının 72,7 faizi elektron qaydada, 27,3 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb və onlardan 1308-nin (ümumi qeydiyyatın 17,1 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsndə təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,8 faiz təşkil etmişdir.

2022-ci ilin 6 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarının 77,5 faizi yerli investisiyalı, 22,5 faizi xarici investisiyalı qurumlardır. 2022-ci ilin ilk altı ayının hər birində kommersiya qurumlarının dövlət qeydiyyatının həcmi 2021-ci ilin müvafiq ayları ilə müqayisədə artıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,9 faiz artıb.

2022-ci ilin 6 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən illə müqayisədə 19,8 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 15,6 faiz artmışdır.

2022-ci ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2022-ci ilin ilk 6 ayında 946 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,4 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,1 faiz təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 4622-si və ya 83 faizi “Asan imza” ilə təqdim olunub.

2022-ci ilin iyul ayının 1-nə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 357-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti