Bakı. Trend:
BP Azərbaycanın Xəzər dənizindəki perspektivli neft-qaz yataqları blokunda kəşfiyyat işlərinin dayandırıldığını və layihədən çıxdığını elan edib.
Trend xəbər verir ki, BP-nin Xəzər regionu üzrə kommunikasiyalar üzrə direktoru Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib ki, 2020-2022-ci illərdə Abşeron Yarımadasının Dayazsulu Sahəsi layihəsi çərçivəsində şirkət tərəfindən qazılan 3 kəşfiyyat quyusu boş olub - "kommersiya baxımından əhəmiyyətli karbohidrogen ehtiyatları” aşkarlanmayıb.
"Bununla bağlı Azərbaycan hakimiyyəti və layihə tərəfdaşları məlumatlandırılıb", - deyə B.Aslanbəyli bildirib. O əlavə edib ki, aktiv müəyyən hüquqi prosedurlar tamamlandıqdan sonra ötürüləcək.
Bundan əvvəl BP Abşeron yarımadasının dayaz sularında Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində üçüncü quyunun qazılmasının nəticələrini açıqlamışdı. Qazma işlərinin nəticələrinə görə, karbohidrogen ehtiyatı aşkar edilməyib.